
Münaqişənin yaralarını sağaltmağa çalışan Ukrayna çətin vəziyyətdə qalıb. Belə ki, Beynəlxalq Valyuta Fondunun Kiyevə yardımları kəsilə bilər. Hazırkı hakimiyyət isə ölkəni bu vəziyyətdən çıxarmaq iqtidarında deyil. Beynəlxalq valyuta fondunun rəhbəri Kristina Laqard bildirib ki, Ukrayna ilə əməkdaşlıqlarının taleyi hökumətin korrupsiya ilə mübarizəsindən və həyata keçirəcəyi islahatlardan asılıdır. O həmçinin vurğulayıb ki, hakimiyyət legitimliyini itirməkdədir və qanunların effektivliyi azalıb.
Xanım Laqard bununla deməyə çalışır ki, Beynəlxalq Valyuta Fondunun Kiyevə 17 milyard dollarlıq yardım paketi dondurula bilər. Çox güman ki, hazırkı hökumət əməllərinə davam edərsə belə də olacaq. Çünki, bundan əvvəl ölkənin iqtisadiyyat naziri Ayvaras Abramoviçius islahat aparmağın mümkün olmadığını bildirərək istefa vermişdi. Keçmiş nazir ölkənin düşdüyü vəziyyətdə əsas günahkar kimi isə baş nazir Arseni Yasenyuku göstərirdi. Beynəlxalq Valyuta Fondunun kreditləri dondurması isə ölkədə daha dərin böhrana səbəb ola bilər. Nəzərə alsaq ki, ölkənin şərqindəki münaqişə Ukrayna iqtisadiyyatının bütün şahələrinə mənfi təsir edib, kredit yardımı kəsilərsə rəsmi Kiyev çıxılmaz vəziyyətdə qalacaq. Ancaq sadəcə iqtisadi deyil, hərbi və humanitar məsələlərdə də vəziyyət yaxşı deyil. Ölkənin şərqində silahlı toqquşmalar hələ də səngiməyib. Dünən Donetsk şəhəri yaxınlığında mikroavtobus minaya düşüb. 4 nəfər həlak olub. Donetsk hava limanı ətrafında da döyüşlər yenidən alovlanmaqdadı. Təşvişə düşən insanlar bölgəni tərk etməyə və daha təhlükəsiz ərazilərə getməyə başlayıb. Hətta, münaqişə zonasından uzaqlaşan insanlar üçün də yoxlama məntəqələri qurulub ki, bu da əhalinin narazılığına səbəb olub. 1 ilə yaxın müddətdir ki, Minskdə atəşkəslə bağlı müqavilə imzalansa da toqquşmalar hələ də davam edir. 2014-cü ilin aprel ayından indiyə qədər davam edən döyüşlərdə 9 mindən çox əsgər və mülki şəxs həlak olub.
19:00 / 11.02.2016