
İraqın baş naziri İŞİD terror qruplaşmasından geri alınan Tikrit şəhərini gəzib. Amerika Birləşmiş Ştatlarında isə İŞİD terror qruplaşması ilə əlaqə qurmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onların hər ikisi qadındır.
ABŞ Federal Tədqiqatlar Bürosunun Nyu-Yorkda keçirdiyi əməliyyat nəticəsində biri 20, digəri isə 30 yaşlarında olduğu güman edilən iki qadın yaxalanıb. Yerli mediada yayılan xəbərlərə əsasən, həmin qadınların bomba hazırlamaqla məşğul olduqları deyilir. Saxlanılan qadınlar bununla yanaşı, İŞİD terror qruplaşmasının internet vasitəsilə yaydığı təxribata dəstək olduqları üçün də ittiham ediləcəklər. Onların bu gün Bruklin məhkəməsinə çıxarılması gözlənilir.
İraqın baş naziri uzun müddətli mübarizədən sonra İŞİD terror qruplaşmasından geri alınan Tikrit şəhərinə gedib. Heydər Əl Abadi Tikritin küçələrini gəzib və vəziyyətlə yaxından tanış olub. Onu müşayiət edən ölkənin müdafiə naziri Xalid Ubeydi İraq ordusunun böyük bir zəfər qazandığını deyib. Baş nazir şəhərin təhlükəsizliyinin artırılması üçün lazımı tədbirlərin görülməsi, ev-eşiyini qoyub-qaçan şəhər sakinlərinin yenidən qayıtmasının təmin edilməsi və şəhərin əvvəlkindən də yaxşı abadlaşdırılması üçün tapşırıqlarını verib. İraqın daxili işlər naziri Muhamməd Qəban Tikritin böyük bir hissəsinin azad edildiyini bildirsə də, o, hələ şimal tərəfdə döyüşlərin getdiyini qeyd edib.
09:00 / 03.04.2015