
Ukraynanın Donetsk vilayətinin Uqleqorsk şəhərində ağır döyüşlər davam edir. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat mərkəzi xəbər yayıb. Hazırda separatçılar şəhərin yalnız ayrı-ayrı rayonlarına nəzarət edirlər.
Uqleqorskda vəziyyət gərgin olaraq qalır. Separatçılar Ukrayna ordusunun mövqelərinə və şəhərin yaşayış binalarına atəş açaraq dinc sakinlərin həyatını təhlükə altında qoyur. Terrorçuların şəhəri ələ keçirməsi ilə bağlı məlumatlar hələlik öz təsdiqini tapmayıb. Döyüşlərdə separatçıların 30 döyüşçüsünün, 11 zirehli maşın və bir tankın məhv edildiyi bildirilir.
Yaraqlılar Luqanskda Artyomvsk rayonuna da atəş açıblar. Dinc sakinlər arasında xəsarət alanlar var. BMT Ukrayna hərbçiləri və separatçılara müraciət edərək münaqişə zonasında olan Qorlovka və Debaltsevo şəhərlərinin əhalisini evakuasiya etməyə çağırıb.
BMT rəsmisinin sözlərinə görə, dinc sakinlər silahlı toqquşmalar gedən əraziləri tərk etmək istəsələr də, səngimək bilməyən döyüşlər ucbatından bu mümkün olmur. Bu arada ABŞ-ın dövlət katibi Con Kerrinin fevralın 6-da Ukraynaya səfəri gözlənilir. Səfərdə məqsəd Donbasda vəziyyətin gərginləşməsi fonunda Ukraynaya dəstək nümayiş etdirməkdir.
13:00 / 31.01.2015