
BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü Suriyada kimyəvi silah arsenalının məhvinə dair qətnaməni razılaşdırıblar. Qətnamə layihəsinə əsasən, öhdəliklərə əməl etməyəcəyi təqdirdə. Suriya rejimini güc tətbiqi gözləyir.
Məlumatı BMT-dəki diplomatik mənbələr yayıb. Qətnaməyə əsasən, kimyəvi silahdan istifadə olunarsa və ya qeyri-qanuni ötürülərsə BMT nizamnaməsinin yeddinci bəndinə əsasən Suriyaya qarşı tədbir görüləcək. Bura sanksiyaların qəbulu, eləcə də, güc tətbiqi daxildir. Qətnamə layihəsinin bu gün BMT Təhlükəsizlik Şurasında səsverməyə qoyulacağı gözlənilir.
Rusiyanın BMT yanındakı daimi nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, səsvermədə xarici işlər naziri Sergey Lavrov da iştirak edəcək. Qeyd edək ki, bundan öncə Lavrov bəyan etmişdi ki, Moskva və Vaşinqton Suriya üzrə Rusiya-ABŞ qətnamə layihəsini razılaşdırıblar. Rusiyalı nazirin sözlərinə görə, sənəddə BMT nizamnaməsinin 7-ci bəndi üzrə güc tətbiqini nəzərdə tutan fəaliyyət tədbirləri əksini tapmayıb. Lakin Lavrovdan fərqli açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov yeddinci bəndin qətnaməyə daxil ediləcəyini bildirmişdi. Bu arada Suriyanın dostları qrupu ölkə müxalifətinə dəstəyi artıracaq. Bu barədə qrupun BMT-nin mənzil-qərargahında yaydığı bəyanatda deyilir. «Dinc siyasi keçidi təmin etmək üçün Suriyanın müxalif və inqilabi qüvvələrinin koalisiyasına dəstəyimizi artırmaq qərarına gəlmişik»-deyə bəyanatda qeyd olunur. Görüşdə çıxış edən ABŞ dövlət katibi Con Kerri Suriyadakı münaqişə tərəflərindən heç birinin qələbə qazana bilməyəcəyini bəyan edib.
13:00 / 27.09.2013