
Bir neçə saat sonra Qazaxıstanın Alma-Atı şəhərində İranın nüvə məsələsi üzrə danışıqların növbəti raundu keçiriləcək. Tərəflər danışıqlardan müsbət nəticə gözləyirlər. Uranı saflaşdırmaq İranın huququdur. Bunu İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlili bəyan edib. Onun sözlərinə görə bu hüquq beynəlxalq vasitəçilərdən ibarət altılığın növbəti danışıqlarında tanınmalıdır. «Ümid edirik ki, altılıq ölkələri danışıqların yeni fazasına İranın uranın saflaşdırılması hüququnun tanınması ilə start verəcək»-deyə Cəlili bildirib. Növbəti görüş öncəsi İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlik yanındakı daimi nümayəndəsi Əli Əsgər Soltani də Tehranın nüvə proqramının ölkənin daxili işi olduğunu vurğulayıb. Qeyd edək ki, altılıq ölkələrinin yüksək çinli diplomatları Tehranın Nüvə Proqramının Tənzimlənməsi Məqsədilə İranla ikinci dəfə Alma-Atıda danışıqlar masası arxasına keçəcəklər. Fevral ayında aparılan danışıqlar isə nəticəsiz yekunlaşıb. Keçən danışıqlarda rəsmi Tehran Qərb tərəfdaşlarından yeni təkliflər almadığını bildirsə də, altılıq ölkələri fərqli düşünür. Vasitəçilər qrupu isə Fordo obyektində uranın saflaşdırılmasını 20 faizədək azaldılması əvəzində Tehrana BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğv olunmasını təklif ediblər. İran hökuməti isə bununla razılaşmayıb. Tərəflər bu gün və sabah Qazaxıstanda keçiriləcək danışıqların yekununa nikbin yanaşırlar. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst növbəti danışıqların məntiqli atmosferdə keçəcəyinə ümid etdiyini bəyan edib. Danışıqlardan öncə beynəlxalq vasitəçilərin koordinasiya görüşü baş tutacaq. Məsləhətləşhmələrin yekunu üzrə Ketrin Eştonun mətbuat katibi Maykl Mən, eləcə də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibinin müavini Əli Bağıri mətbuat konfransı keçirəcəklər.
09:00 / 05.04.2013