
May ayının sonuna qədər Suriyadakı BMT müşahidəçilərinin sayı yüzə çatacaq. Bununla bağlı BMT baş katibinin müavini Erve Ladsus məlumat verib. Suriyada isə hökumət və müxalif qüvvələr arasında qarşıdurmalar səngimir.
Hazırda Suriyada 11 hərbi müşahidəçi var. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays bildirib. BMT-nin baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Erve Ladsusun məlumatına görə əsas hərbi müşahidəçi qrupu bu həftənin sonunda işə başlayacaq. Ladsusun proqnozlarına əsasən aprelin 30-dək Suriyada 30 müşahidəçi olacaq, 1 aydan sonra isə onların sayı yüzə çatacaq. O, bildirib ki, Suriya hökuməti milli mənsubiyyətinə görə bir müşahidəçinin ölkəyə buraxılmasına icazə verməyib. Suriya hökuməti bəyan edir ki, onlar BMT missiyasının tərkibinə Suriyanın dostları qrupuna üzv ölkələrin nümayəndələrinin daxil olmasına yol verməyəcəklər. Syuzan Rays BMT nöqteyi-nəzərindən belə yanaşmanın tamamilə qəbuledilməz olduğunu vurğulayıb. Ölkədə isə atəşkəs rejiminə əməl olunmur. Hökumət qüvvələri və müxalifət arasında qarşıdurmalar Aleppo, Homs, Əl-Mayadin, Əbu-Kamal rayonlarında davam edir. Həma şəhərində vəziyyət yenidən gərginləşib. Burada Suriya ordusunun bir polkovniki öldürülüb. Müxalif döyüşçülər Hadər rayonunu ələ keçiriblər. Paytaxt Dəməşqdə isə bir avtomobilə qoyulan bomba partladılıb. Hökumət partlayışa görə məsuliyyəti terrorçuların üzərinə qoyub. İlkin məlumatlara görə partlayış nəticəsində ölən yoxdur, bir neçə nəfər xəsarət alıb.
09:00 / 25.04.2012